×

Xəbərlər

Xəbərlər 23 Jul 2019
Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib

İyulun 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha artıq bal toplayan 497 abituriyent Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Abituriyentlərdən 414 nəfər azərbaycan, 83 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək üçün müraciət ediblər. Imtahan prosesində qeydiyyatdan keçən tələbələrdən 453 nəfər iştirak edib.

UFAZ-a qəbul imtahanları ilə bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran ADNSU-nun rektoru, professor Mustafa Babanlı 2019-2020-ci tədris ili üçün UFAZ-a qəbul olunacaq 160 tələbədən hər ixtisas üzrə 10 nəfərin ödənişli əsaslarla, 30 nəfərin isə dövlət sifarişi əsasında UFAZ-da ali təhsilə cəlb olunacağını bildirib. UFAZ-da bakalavrla yanaşı magsitratura üzrə də təhsilin nəzərdə tutulduğunu deyən rektor M.Babanlı növbəti tədris ilindən UFAZ-a  80 nəfər Fransalı professorun cəlb olunacağını qeyd edib. Sonra UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen və UFAZ-ın elm üzrə eksperti Pierre Collet jurnalistlərin suallarını cavablandırıblar.

İmtahan prosesi saat 10.00-dan 12.10-a dək davam edib. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar.

İmtahan prosesi davam edərkən rektor, professor Mustafa Babanlı imtahanda iştirak edən abituriyentlərin valideynləri ilə görüşüb və UFAZ-da tədris  haqqında valideyinlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

İmtahanın nəticələri iyulun 25-də elan olunacaq.

Qeyd edək ki, bu il dördüncü dəfədir ki, UFAZ-a qəbul həyata keçirilir. İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) alacaqlar.  UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.

 


Paylaş