×

Xəbərlər

Xəbərlər 16 Sep 2019
ADNSU-da yeni tədris ilinə start verildi

Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2019/2020-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov, həmçinin universitetin professor və müəllim heyəti, eləcə də tələbələr iştirak ediblər.

“Bilik günü” münasibətilə tələbələri, onların valideynlərini təbrik edən ADNSU-nun rektoru, professor M.Babanlı 2019/2020-ci tədris ilinin qəbul göstəricilərini açıqlayıb. Bildirib ki, bu il ADNSU-nun ixtisaslarına bakalavriat səviyyəsində ümumi qəbul 2731 nəfər olub. Bundan əlavə 450 nəfərdən artıq tələbə ikinci təhsil üçün sənədlərini ADNSU-ya təqdim edib. Digər ali məktəbləri, ayrı-ayrı ixtisasları bitirmiş məzunlar da ADNSU-da yüksək səviyyəli təhsil üçün yaradılmış imkandan faydalanmaq üçün ikinci ali təhsil üçün bura üstünlük verirlər. Magistratura səviyyəsində qəbul ötən ilkindən artıq olub və 660 nəfər təşkil edib.

Rektor M.Babanlı qeyd edib ki, ümumiyyətlə, abituriyentlər və valideynlər arasında ADNSU-ya maraq ildən-ilə yüksəlir. Belə ki, 2019-cu ildə ölkə üzrə 500 baldan yuxarı göstəricisi olan abituriyentlərin sayı 1866 nəfər olub, onlardan 901 nəfəri, az qala yarısı Azİİ-yə qəbul olanlardır. 600-dən yuxarı bal toplayanların sayı bu il 554 nəfərdir, onlardan da 217 abituriyent bizim universiteti seçib...

Sonra Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov çıxış edərək bu il universiytetə daxil olan tələbələri, onlarını valideynlərini təbrik ediblər. Bildiriblər ki, Azİİ-də yüksək təhsil verilməsi üçün bu gün hər bir şərait yaradılıb. Tələbələrin üzərinə düşən vəzifə bu imkandan maksimum yararlanıb yüksək təhsil almaqdır.

Daha sonra builki qəbul imtahanlarında ən yüksək bal toplayan birinci kurs tələbələrinə hədiyyələr və tələbə biletləri təqdim olunub.

Tədbir bitdikdən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli  Azİİ Elektron Kitab Evinə və universitetin yeməkxanasına baş çəkib, burada yaradılan şəraitlə tanış olublar.


Paylaş