Sentyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Xarkov Politexnik Universitetinin rektoru, professor Sokol Yevgeni İvaneviçi qəbul edib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Xarkov Politexnik Universitetinin rektoru, professor Sokol Yevgeni İvaneviçi və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı professor M.Babanlı qonaqlara universitetin fəaliyyəti, təhsil sahəsində əldə olunan yeniliklər və elmi uğurlar haqqında məlumat verib. Bildirib ki, bu gün ADNSU ölkədə texniki peşə sahələrinin tədris olunduğu universitetlərdən ən yaxşısıdır. Universitet beynəlxalq əlaqələrin inkişafını daim diqqətdə saxlayır və Xarkov Politexnik Universiteti ilə ADNSU-nun əməkdaşlığından razıdır.
Ukraynanın Xarkov Politexnik Universitetinin rektoru, professor Sokol Yevgeni İvaneviç bir il öncə Xarkov Politexnik Universiteti ilə ADNSU arasında bağlanmış əməkdaşlıq müqaviləsinin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. Qarşılıqlı fikir mübadiləsi ilə keçirilən görüşdən sonra professor Sokol Yevgeni İvaneviç həmkarı professor Mustafa Babanlını öz ölkəsinə, rəhbəri olduğu universitetə dəvət edib.