Sentyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, DAAD Bakı Məlumat Mərkəzinin rəhbəri v.i.ə. Hikmət Kamallı, Azərbaycanın Xarici İşlər Nazirliyindən və Təhsil Nazirliyindən nümayəndələr və digər qonaqlar iştirak ediblər.
Öncə dosent Rafiq Camalov çıxış edərək qonaqları salamlayıb, Alman universitetləri ilə ADNSU-nun əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, onlarla azərbaycanlı tələbə üçün Almaniyanın nüfuzlu universitetində təhsil alması üçün geniş imkanlar yaradılıb. Eyni zamanda, universitetimizdə Almaniyadan tez-tez professorlar, müəllimlər dəvət edirik. DAAD Bakı Məlumat Mərkəzi də bu neçə ildə elmi əlaqələrin genişlənməsində, mübadilə prosesində xüsusi rol oynayıb.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq çıxışında Azərbaycanla Almaniya arasında əlaqələrin hər zaman yaxşı olduğunu vurğulayıb. Bidirib ki, bu əlaqələr təhsil sahəsində də uğurla davam etdirilir. Hazırda Almaniyada 1400-ə yaxın tələbə təhsil alır.
Səfir əlavə edib ki, bu gün fəaliyyətinin 15 illini qeyd etdiyimiz Alman Akademik Mübadilə Xidməti Bakı Məlumat Mərkəzi bir sülh layihəsidir, Almaniya universitetlərinin bir nümunəsi olaraq beynəlxalq elm təşkilatıdır. Bu layihə heç bir ölkədə Azərbaycandakı kimi geniş və əhatəli deyil. Biz onun vasitəsi ilə həm də uğurlu əməkdaşlığımızı qeyd ediririk.
Sonra DAAD Bakı Məlumat Mərkəzinin rəhbəri v.i.ə. Hikmət Kamallı mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib. Digər çıxışçılar da DAAD-ın beynəlxalq təhsil sistemindəki vacib əhəmiyyətindən, elmin inkişafına verdiyi töhfələrdən və ADNSU ilə Alman universitetləri arasında əlaqlərin inkişafından danışıblar.