Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-neft-mədən fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli, deportamentin direktor müavini Salman Salmanov, Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova və tələbələr iştirak ediblər.
Azİİ Elektron Kitab Evinin direktoru S.Mahmudova çıxış edərək birinci kurs tələbələrin universitetin Azİİ Elektron Kitab Evi haqqında məlumat verib. Bildirib ki, ADNSU-nun əsaslı kitabxanası ölkənin ən zəngin və qədim tarixi olan universitet kitabxanalarından biridir. Hazırda kitabaxanada 1 milyon nüsxəyə yaxın çap məhsulu, dissertasiya, avtoreferat, dövri mətbuat, ənənəvi və elektron kataloq, eləcə də elektron daşıyıcılar vardır. 2018-ci il dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əsaslı kitabxanasının bazası əsasında 24 saat fəaliyyət fəaliyyət göstərən “ADNSU- Azİİ elektron kitab evi” yaradılıb. İkimərtəbəli kitab evi geniş oxu zalları ilə tələbələrə əlverişli mütaliə mühiti yaradır. Oxuyan tələbənin mütaliəsi üçün burada hər bir şərait var.
Sonra ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli çıxış edib. O, tələbələri ADNSU-ya qəbul olmaları münasibəti ilə təbrik etdikdən sonra onların yüksək təhsil alması üçün univeristetdə yaradılan şəraitdən söz açıb. Bildirib ki, bu gün qabaqcıl universitetlərdə, keyfiyyətli tədrisin verilməsində müasir texnologiyaların tətbiqi önəmli rol oynayır. Bu baxımdan ADNSU texnoloji yeniliklərin tam şəkildə tədris prosesinə tətbiq olunduğu bir təhsil ocağıdır. Azİİ Elektron Kitab Evi də daxil olmaqla universitetdə elektron idarə etmə sisteminin tətbiqi, Web auditoriyaların yaradılması, informasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətinin təmin edilməsi ilk növbədə təhsilin keyfiyyətində özünü göstərir. Burada informasiya sistemlərinin digər sistemlərə inteqrasiyasının təşkil edilməsində, innovativ layihələrin ərsəyə gəlməsində və yeni tədris sisteminin qurulmasında ən son texnologiyadan istifadə olunur.
E.Səfərli əlavə edib ki, bir önəmli məqam da bu uğurların qazanılmasında, yeni-yeni layihələrin ərsəyə gəlməsində universitetin professor-müəllim heyəti ilə yanaşı, tələbələrin də aktiv iştirak etməsidir.