Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2019-2020-ci tədris ilinin ilk iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəlikdə duran məsələləri xatırlatdıqdan sonra tədrislə bağlı cari məsələlər haqqında məlumat vermək üçün sözü universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədova verib. Dosent Q.Məmmədov 2018-2019-cu tədris ilinin yekunu və yeni tədris ilində kollektiv qarşısında duran vəzifələr, eyni zamanda cari ildə ADNSU-ya bakalavriat və magistratura təhsil səviyyələri üzrə tələbə qəbulunun yekunu, Dövlət Attestasiyasının nəticələri və magistrlik dessertasiyalarının müdafiələri haqqında iclas iştirakçılarına geniş məlumat verib. O, fakültələrin, ayrı-ayrı ixtisasların keyfiyyət göstəricilərinə nəzər salaraq qazanılan uğurlar və çatışmazlıqlar haqqında danışıb.
Sonra professor Mustafa Babanlı gündəlikdə olan müxtəlif məsələləri ardıcıl olaraq şura üzvlərinin müzakirəsinə çıxarıb. Şuraya təqdim olunan bir neçə ərizə və təqdimatlarla bağlı fikir mübadiləsi aparılıb və yekdilliklə qərarlar qəbul olunub. ADNSU-nun İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərlinin təqdimatı əsasında departamentin tərkibində “Elektron tədris” bölməsinin yaradılması təsdiq olunub. Həmçinin, Elmi Şuranın nəzdində avadanlıqların sifarişi və təftişi üzrə daimi fəaliyyət göstərən Komissiyanın yaradılması barədə qərar qəbul olunub.
Daha sonra professor Mustafa Babanlı “Web-distant” auditoriyalardan istifadənin vəziyyəti və qarşıda duran vəzifələr, 2019-2020-ci tədris ilinin payız semestrində qurulacaq laboratoriyaların və tədris-metodiki sistemin vəziyyəti və digər məsələlər haqqında danışıb, görüləcək bütün işlərin əsasında yüksək keyfiyyətli təhsil təminatının dayandığını vurğulayıb.
İclas çərçivəsində rektor ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələlərə də toxunub, ümumilikdə bu il ADNSU-ya qəbulu qənaətbəxş hesab etdiyini deyib. Bildirib ki, bu günün təhsili müasir təhsildir, tədris yeni çağırışlara uyğun təşkil olunmalıdır. Ona görə də tədris prosesi, dərs tələbə üzərində qurulmalıdır, təhsildə əsas tərəf tələbədir.
Sonda professor M.Babanlı müzakirə olunan məsələlər və görüləcək işlərlə bağlı şura üzvlərinə tövsiyə və tapşırıqlarını verib.