Oktyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı öncə müəllim adını daşıyan bütün müəllimləri təbrik edib. Müəllim peşəsinin şərəfli və eyni zamanda olduqca məsuliyyətli bir peşə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra rektor M.Babanlı Beynəlxalq Müəllimlər Gününün yaranma tarixindən danışıb, bu günlə bağlı xatirələrini bölüşüb.
Tədbirdə ADNSU-nun professor və müəllim heyətini özəl gün münasibətilə təbrik edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan müəlliminin nüfuzundan və müəllim peşəsinə qoyulan hörmətdən söz açıb və ADNSU-da hər zaman savadlı və nüfuzlu professor-müəllim heyətinin çalışdığını qeyd edib.
ADNSU-nun professoru, millət vəkili Hüseynbala Mirələmov çıxışında öz çalışdığı universitetin müəllim kollektivini, eyni zamanda bütün Azərbaycan müəllimlərini təbrik edərək qazanılan hər bir uğurda məhz müəllim əməyinin olduğunu vurğulayıb.
Daha sonra 2018/2019-cu tədris ilində əmək fəaliyyətlərini qüsursuz başa vuraraq mükafat alan 7 nəfər müəllimin adları açıqlanıb.
Qeyd edək ki, 5 oktyabr 1994-cü ildən YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.