Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADNSU-nun rektoru, dosent Vazeh Əskərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki misilsiz əhəmiyyətindən danışıb, döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qazanılan uğurlardan bəhs edib. Artıq 3 ildir ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bu qələbə sevincini bizə yaşadan şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağını deyən dosent Vazeh Əskərov 30 ilə yaxın işğal altında saxlanılan əzəli torpaqlarımızın azad olunması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş tarixi qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Sonra Zəfər gününə həsr olunmuş film nümayiş olunub.
Tarixi zəfərin əhəmiyyətindən danışan Neft-mexanika fakültəsinin professoru İbrahim Həbibov qələbəmizin Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də dövlətimzin qüdrətini, gücünü və birliyini bütün dünyaya sübut etdiyini deyib.
Vətən müharibəsi iştirakçıları, ADNSU-nun Sənaye maşınları kafedrasının assistenti, qazi Niyaz Zeynalov və ADNSU-nun tələbəsi, müharibə veteranı Kamran Babayev çətin, lakin bir o qədər də qürurverici döyüş yollarından danışıb, tarixi qələbədə az da olsa xidmətləri olduğu üçün qürur hissi keçirdiklərini bildiriblər.
Tədbir Zəfər gününə həsr olunmuş musiqili bədii hissə ilə davam edib.