Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “YeniSən” platformasının silsilə proqramı çərçivəsində “Uğurlu CV və Linkedin Hesabının Yaradılması” mövzusunda dördüncü təlim-seminar təşkil olunub.
Təlim zamanı gənclər effektiv CV tərtibatı və Linkedin platformasında peşəkar profilin formalaşdırılması prinsipləri ilə daha ətraflı tanış olublar. Onlar müxtəlif nümunə və yanaşmalar əsasında şəxsi təcrübə və bacarıqlarını necə daha səmərəli təqdim edə biləcəklərini praktiki şəkildə öyrəniblər.
Eyni zamanda iştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyərək fərdi tapşırıqlar vasitəsilə CV və Linkedin hesablarının fərqləndirici xüsusiyyətlərini və işəgötürənlərin diqqətini cəlb etməyin yollarını araşdırıblar. Praktiki tapşırıqlarla mövzunun aktuallığı vurğulanıb və real iş müraciəti prosesində tətbiq olunan metod və yanaşmalar haqqında geniş məlumat verilib.
Təlimdə iştirakçılar interaktiv məşğələlər vasitəsilə bacarıqlarını tətbiq etmək və fərdi rəy almaq imkanı qazanıblar. Tədbirin sonunda tələbələr təlimçilərə suallar ünvanlayaraq mövzu ilə bağlı əlavə məlumat əldə ediblər.