Noyabrın 15-də Argentinanın Rafaela Milli Universitetinin rektoru, professor Dr. Rubén Ascua Azərbaycana səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub və rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüb.
ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və UFAZ-ın direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdə iki ali təhsil müəssisəsi arasında mümkün perspektiv məslələr müzakirə olunub.
Qonaqları universitetdə salamladıqdan sonra dosent Vazeh Əskərov ADNSU-nun yaranma tarixi, buradakı tədris və təhsil prosesi, ixtisaslar, universitetin beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında ətraflı məlumat verib.
ADNSU-nun ölkəmizdə mühəndis profilli qabaqcıl təhsil ocağı olduğunu qeyd edən dosent Vazeh Əskərov müasir elmi texnologiyanın tədris prosesinə tətbiqindən danışıb, eyni zamanda ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti haqqında da qonaqlara ətraflı məlumat verib.
ADNSU-nun dünyanın bir sıra qabaqcıl universitetləri ilə əməkdaşlıq əlaqələrinin olduğunu xatırladan dosent Vazeh Əskərov Rafaela Milli Universiteti ilə əməkdaşlığın səmərəli olacağına ümidvar olacağını bildirib.
Argentinanın Rafaela Milli Universitetinin rekoru, professor Dr. Rubén Ascua səmimi qəbula görə təşəkkürünü bildirib və görüşdə rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, ADNSU haqqında məlumatlıdırlar və bu qocaman ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə faydalı əməkdaşlıq əlaqələrinin yaradılması, müştərək elmi layihələrin yerinə yetirilməsi, xüsusilə professor-müəllim heyətinin, tələbələrin mübadiləsinə xüsusi önə verəcəyi bildirib.
Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Sonra qonaqlar universiteti gəzərək daha yaxından tanış olublar, ADNSU-nun Tarix muzeyini ziyarət ediblər.