Azərbaycanlı əkiz qardaşlar – Fərid və Rüfət Şıxıyevin Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgidə Azərbaycan stendində süni intellekt əsasında qurulmuş layihəsi Azərbaycanla yanaşı, Qazaxıstan və Türkmənistan nümayəndələrinin də marağına səbəb olub.
Fərid Şıxıyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbəsidir. Layihənin ideya müəlliflərindən biri olan digər qardaş - Rüfət Şıxıyev isə Azərbaycan Texniki Universitetinin tələbəsidir.
Qeyd edək ki, qardaşlar “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində rezident olaraq fəaliyyət göstərirlər. Onların hazırladığı “Əlillik arabası” (Wheelchair) – yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən xəstələrin baş və göz hərəkətləri ilə idarə edə biləcəkləri ağıllı əlil arabası mexanizmidir.