×

Xəbərlər

Xəbərlər 28 Nov 2023
ADNSU-da “İSO 9001: 2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının təqdimatı keçirilib

Noyabrın 28-də Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi “İSO 9001: 2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının təqdimatını keçirib.

Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova iştirakçıları və qonaqları salamlayaraq kitab haqqında məlumat verib.

ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova Azərbaycan dilində standartlaşdırma üzrə belə bir kitabın işıq üzü görməsini yüksək qiymətləndirib, həmçinin kitabın stanadrtlaşdırma və sertifikasiya üzrə ali təhsil alan tələbələr üçün mühüm mənbə olduğunu qeyd edib.

Keyfiyyət Assosiasiyası İB-nin sədri, layihə rəhbəri Samir Novruzlu assosiyasiyanın fəaliyyət istiqamətləri, layihələr və kitab haqqında ətraflı məlumat verib, öz təcrübəsini bölüşüb. Gənclərin bu sahədə savadlılığının artırılması, məlumatların əlçatanlığı baxımından “İSO 9001: 2015 Şərh və tətbiq üzrə tövsiyyələr” kitabının tələbələr üçün əhəmiyyətini vurğulayan S.Novruzlu kitabda 15 ildən artıq təcrübə və tətbiqin yer aldığını qeyd edib.

Sonra ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova, Keyfiyyət Assosiasiyası İB-nin İdarə heyətinin üzvü, Beynəlxalq standartlar üzrə məsləhətçi, təlimçi, auditor Qalib Şərifov, Keyfiyyət Assosiasiyası İB-in sədr müavini Hikmət Rəcəbov və Keyfiyyət Assosiasiyası İB İdarə Heyətinin üzvü Rizvan Mustafayev kitab haqqında fikirlərini bildirib, nəşrin təkcə bu sahədə təhsil alan tələbə və müəllimlər üçün deyil, peşəsindən asılı olmayaraq hər kəs üçün əhəmiyyətindən danışıb, müasir dövrün standartlarının öyrənilməsinin önəmini qeyd ediblər.

Xatırladaq ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən Beynəlxalq Standartlaşdırma təşkilatının (İSO-nun) ən populyar standartı olan - İSO 9001:2015 azərbaycan dilinə tərcümə edilib və onun əsasında “İSO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyyələr” kitabı hazırlanıb. Kitab layihənin rəhbəri “Keyfiyyət Assosiasiyası”İctimai Birliyinin sədri S.Novruzlu və Birliyin mütəxəssisləri tərəfindən hazırlanıb. 384 səhifədən ibarət kitab ölkədə məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqabətə davamlı olması sahəsində maarifçilik işlərinin aparılmasına,keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq və milli standartların təbliğinə, eləcədə keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, təlimçilərə,habelə keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, tələbələr və bu sahədə tədris aparan professor-müəllim heyətinə yararlı olacaq.


Paylaş