Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində “Könüllü ol” layihəsi üzvlərinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə görüşü keçirilib.
Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə reallaşan "Könüllü ol" layihəsi çərçivəsində keçirilən görüşdə ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev çıxış edərək burada tələbələrin təkcə təhsil və yüksək bilik əldə etməsi üçün yox, həm də onların sağlam və hərtərəfli formalaşması üçün yaradılan şəraitdən danışıb. O, qeyd edib ki, universitetdə gənclərin idmanla məşqul olması, musiqi vərdişlərinin formalaşması, asudə vaxtin səmərəli təşkili üçün yaradılan şərait, mövcud dərnəklər, könüllülük əsasında fəaliyyət göstərən bu və ya digər faəliyyət sahələri imkan verir ki, gənclər bilik və bacarıqlarını hərtərəfli inkişaf etdirə bilsinlər.
“Könüllü ol” layihəsinin koordinatoru Məhəmməd Həşimzadə tələbələr qarşısında çıxış edərək “Azərbaycan Könüllülük Həftəsi 2023” layihəsinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu deyib. O, keçirdikləri görüşlərdən, bir komanda tərkibində könüllü kimi çalışmağın üstünlüklərindən danışaraq tələbələrə könüllü fəaliyyətləri ilə bağlı ətraflı məlumat verib, onları öz sıralarına dəvət edib.