Dekabrın 6-da “Borusan Cat Azərbaycan” şirkətinin direktoru Ömer Emre Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüb.
Şirkətin mümayəndələri Aytən Məmmədova və Toğrul Rüstəmlinin, eyni zamanda ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov və rektorun Universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri Sakit Səmədovun da iştirak etdiyi görüşdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və daha da inkişaf etdirilməsindən bəhs olunub.
Tədris və təhsil prosesi, universitetin beynəlxalq əlaqələri və sənaye müəssisələri ilə iş birliyi haqqında qonaqlara məlumat verən dosent Vazeh Əskərov bildirib ki, mühəndis profilli ali təhsil müəssisəsi olaraq sənaye və istehsalat müəssisələri ilə çevik əməkdaşlıqda maraqlıdırlar. “Borusan Cat Azərbaycan” şirkəti ilə də daha geniş əməkdaşlıq etməyin önəmini qeyd edən doesnt Vazeh Əskərov ADNSU tələbələrinin uğurlu təcrübə keçməsi və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın səmərə verəcəyinə ümidvar olacağını deyib.
“Borusan Cat Azərbaycan” şirkətinin direktoru Ömer Emre səmimi qəbula görə təşəkkürünü bildirib və təmsil etdiyi şirkət haqqında ətraflı məlumat verib. ADNSU ilə əməkdaşlığın xüsusi önəmindən danışan qonaq müəssisə olaraq müştərək perspektiv layihələrin reallaşması, birlikdə uğurlu nəticə əldə etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Sonda tərəflər bir-birinə hədiyyələr təqdim ediblər.