Qrant müsabiqəsində 5 layihə, o cümlədən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşovanın təqdim etdiyi “İqlim dəyişikliyinin Qarabağın su resurslarına təsirinin innovativ metodlarla qiymətləndirilməsi” layihəsi qalib olub.
Layihənin 8 icraçısı arasında ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə, Geoloji kəşfiyyat, Kimya texnologiya fakültələrinin, "Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutu və Azərbaycan Hava yolları QSC-nin əməkdaşları yer alıb.
Müsabiqənin keçirilməsində azad edilmiş ərazilərimizin inkişafına töhfə verə biləcək müxtəlif elmi sahələri əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılması, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm məqamlar prioritet istiqamət kimi nəzərə alınıb. Eyni zamanda, müsabiqənin keçirilmə məqsədləri arasında ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsi də xüsusi yer alıb.
Qeyd edək ki, layihənin yerinə yetirilməsi 2 il müddətinə nəzərdə tutulub. Azərbaycan Elm Fondu 2023-cü il üçün "Qarabağ-Azərbaycandır-2!" məqsədli qrant müsabiqəsini mart ayında elan edib. Müsabiqədə iştirak etmək üçün layihələr 7 mart - 28 aprel 2023-cü il tarixləri arasında qəbul edilib.