Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Neft-Qaz yataqlarının axtarış problemləri və perspektivləri” mövzusunda Respublika elmi konfransı başa çatıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) Neft və Qaz İnstitutu və Gənc alim və mütəxəssislərin birgə təşkilatçılığı ilə keçirilən elmi konfransın bağlanış mərasimində çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova konfransın əhəmiyyətinə toxunaraq uğurla keçdiyini deyib.
Neft və Qaz İnstitutunun direktor müavini, professor Vaqif Qurbanov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və aktual bir mövzuya həsr olunmuş konfransın keçirilməsinin önəminə toxunub və bundan sonra belə konfransların davamlı olmasının vacibliyini qeyd edib.
Sonra həmsədrlər - ADNSU-nun professoru Vaqif Seyidov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Qərib Calalov hesabat nitqi ilə çıxış ediblər, konfransa təqdim olunan məqalələrin aktuallığından və elmi əhmiyyətindən bəhs ediblər. Qeyd edək ki, konfransa 60 məqalə təqdim olunub və materialların çap olunması nəzərdə tutulub. 60 məqalədən 25-i məruzə edilib.
Sonda konfransda aktiv iştirak edən və konfransın təşkilində fərqlənən iştirakçılara sertifikatlar verilib.