Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycanda ilk dəfə keçiriləcək “Technoxian World Robot Championship” yarışı ilə bağlı infosessiya keçirilib.
Görüşdə çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova elmi-texniki biliklərin, eləcə də robotexnika və rəqəmsal bacarıqların inkişaf etdirilməsi baxımından yarışın bu sahədə təhsil alan və maraqlanan gənclər üçün əhəmiyyətindən danışıb.
Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi və mentoru Rəhman Rəsulzadə Azərbaycanda ilk dəfə keçiriləcək yarışa bu sahəyə marağı olan gənclərin cəlb olunması istiqamətində görülən işlərdən danışıb və yarışın qaydaları, layihələr və hazırlıq haqqında məlumat verib, gəncləri yarışda aktiv iştirak etməyə, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə dəvət edib.
Qeyd edilib ki, “Technoxian World Robot Championship” yarışının Azərbaycan üzrə final mərhələsi 2024-cü ilin may ayında keçirilməsi nəzərdə tutulur. Qalib komandalar ölkəmizi və təhsil müəssisəsini beynəlxalq arenada təmsil etmək haqqı qazanır. Yarışın final mərhələsi 2024-cü ildə Hindistanın Delhi şəhərində keçiriləcək.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçiriləcək.