×

Xəbərlər

Xəbərlər 02 Feb 2024
Sənaye təhlükəsizliyi ilə bağlı yeni dərsliklərin təqdimatı keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda “Radiasiya Təhlükəsizliyi” və “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM)” dərsliklərinin təqdimatı keçirilib.

Tədbirdə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Sakit Rəsulov, Azərbaycan Texniki Universitetinin  (AzTU) kafedra müdiri, texnika elmləri doktoru, professor Fəxrəddin Yusubov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU), həmçinin Radiasiya Problemləri İnstitutunun müvafiq sahədə çalışan əməkdaşları, "TCS" şirkətinin  rəhbəri Anar Məlikov və kitabın həmmüəllifləri iştirak ediblər. 

Təqdimat zamanı dərsliklərin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, bu gün istehsalat sahələrində əməyin və ətraf mühitin mühafizəsi, texniki təhlükəsizlik, keyfiyyət, texnikaların diaqnostikası məsələləri ən vacib məsələlərdəndir. Odur ki, tələbələr texniki ixtisaslarda aidiyyatı üzrə baza təhsili almaqla yanaşı, sənaye təhlükəsizliyi və əməyin mühafizəsi, eyni zamanda radiasiya təhlükəsizliyi isitqamətində də fundamental bilgilərə sahiblənməlidirlər. 

Artıq 2023-2024-cü tədris ilindən başlayaraq ilk dəfə olaraq ADNSU-da SƏTƏM fənni bütün texniki ixtisaslarda seçmə fənlər blokuna daxil edilməklə tədris olunur.  Tədbirdə xüsusi vurğulan əsas mqamlardan biri də o idi ki, təkcə ADNSU-da yox, AzTU, AzMİU və digər ali texniki təhsil müəssisələrində də bu fənnin tədris olunması çox vacibdir.

Qeyd edək ki, “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM)” dərsliyinin müəllifləri – ADNSU-nun “Sənaye təhlükəsizliyi və Əməyin mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov, həmin kafedranın dosenti Leyla Mahmudova və "TCS" şirkətinin rəhbəri Anar Məlikovdur.

Təqdimatı keçirilən digər nəşrin – “Radiasiya Təhlükəsizliyi” kitabının müəllifləri - ADNSU-nun “Sənaye təhlükəsizliyi və Əməyin mühafizəsi” kafedrasının müdiri, professor Sakit Rəsulov, həmin kafedranın dosnti Lətifə Kazımova, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev və həmin institutun dosenti Əminə Mikayılovadır. 

Hər iki kitab tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, yüksək qiymətləndirilib, tələbələr və mühəndis-texniki işçilər üçün dəyərli vəsait olduğu bildirilib.

Dərsliklər nəfis tərtibatla çap olunub və onların geniş oxucu auditoriyasının ixtiyarına verilməsi məqsədəuyğun hesab edilib.


Paylaş