Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ATEF Şirkətlər Qrupu”nun nümayəndələri ilə görüş keçirilib.
ADNSU-nun “Elektroenergetika” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, “ATEF Şirkətlər Qrupu”nun əməkdaşları – İsmayıl Nərimanov, Şirvan Qaraşov, Turan Abdurrəhmanov və Orxan Mehdiyev iştirak ediblər.
Universitetin “Elektroenergetika” kafedrasının müdiri, dosent Aydın Əliyev qonaqları salamlayaraq bildirib ki, bugünkü görüş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısının 06 fevral 2020 il tarixli Sərəncamını rəhbər tutaraq universitetin 100 illiyi çərçivəsində keçirilən tədbirlər sisilsindəndir. Son illər universitetin qazandığı uğur və yenilikləri xatırladan dosent A.Əliyev bunun sayəsində müəssisələrdə ADNSU məzunlarına marağın artdığını qeyd edib. Əlavə edib ki, hazırda universitetlə istehsalat müəssisələri arasında əməkdaşlıq mövcuddur.
ATEF Şirkətlər Qrupunun əməkdaşları da çıxış zamanı bu gün ADNSU-da zamanın tələbinə uyğun kadrlar yetişdirildiyini vurğulayıblar. Qeyd ediblər ki, universitetlə əməkdaşlıq şirkət olaraq onlar üçün maraqlıdır və ADNSU-nun yetişdirdiyi mütəxəssislərə böyük ehtiyac var.
Sonda universitetin 15 tələbəsi ATEF Şirkətlər Qrupunda işlə təmin olunmaq məqsədi ilə müsahibəyə dəvət olunublar.