×

Xəbərlər

Xəbərlər 18 Jun 2025
ADNSU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresində çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) İstanbulda keçirilən Qlobal Dayanıqlı İnkişaf Konqresində uğurla təmsil olunur. Universitet tədbirdə “Yaşıl enerji sərhədinə enmək: ADNSU-nun dayanıqlı sənayeyə gedən yolu” şüarı ilə çıxış edir.

Dörd gün davam edən konqres çərçivəsində ADNSU-nun stendində yaşıl enerji, davamlı sənaye və texnoloji innovasiyalar sahəsində həyata keçirilən layihə və təşəbbüslər əyani şəkildə təqdim olunur. Həmçinin, universitetin beynəlxalq reytinqlərdə, xüsusilə Times Higher Education (THE) və QS sıralamalarında əldə etdiyi nailiyyətlər vurğulanır.

Ziyarətçilər universitetin layihələri, təqdimatlar və brend suvenirlərlə zənginləşdirilmiş stendi ilə yaxından tanış olublar. Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev də ADNSU-nun stendinə baxış keçirib və təqdim edilən layihələrlə maraqlanıb.

Konqres çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov panel sessiyada təhsil, tədqiqat, innovasiya, beynəlxalq dayanıqlılıq, ətraf mühit, fundamental elmi əsaslara malik əsas həllərin yaradılması və digər bu kimi mövzularla bağlı konfrans iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, bu nüfuzlu beynəlxalq tədbir Times Higher Education reytinq agentliyi və Türkiyə Ali Təhsil Şurasının birgə təşəbbüsü ilə təşkil olunub. Konqres ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində gördükləri işləri müzakirə etmək, qlobal əməkdaşlığı təşviq etmək və ortaq həll yolları müəyyənləşdirmək üçün vacib platformadır.

Konqres ADNSU üçün beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması və universitetin dayanıqlı inkişaf gündəminin beynəlxalq səviyyədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.


Paylaş