Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fövqəladə Hallar Nazırliyinin (FHN) Mülki müdafiə idarəsinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçılara rektor, professor Mustafa Babanlının salamını çatdırdıqdan sonra fövqəladə hallarda həyat təhlükəsizliyinin qaydalarını bilməyin hər bir gənc üçün vacib olduğunu deyib.
Mülki müdafiə kurslarının Tədris hissəsinin rəisi, polkovnik-leytenant Qabil Abdullayev əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkil olunmasından və FHN-nin Regional Mərkəzinin fəaliyyətindən danışıb.
Sonra Mülki Müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının bölmə rəisi Tural Şahbazov “Fərdi mühafizə vasitələri, kəşfiyyat və dozimetrik nəzarət cihazları barədə tədbir iştirakçılarına məlumat verib, cihazların iş prinspi və funskiyaları əyani şəkildə izah edilib.
Daha sonra yanğın, zəlzələ, sürüşmə və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları barədə video sujetlər nümayiş olunub.
Tədbirin sonunda universitetdə xüsusi xilasetmə texnika və avadanlıqlarının, həmçinin səyyar kimya laboratosiyanın nümayişi keçirilib.