Mayın 18-də Çin Xalq Respublikasının “Huawei” şirkəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin toxumları” adlı layihə-proqramı təqdim edib. “Huawei” şirkətinin Asiya təmsilçiliyi və Azərbaycan nümayəndəliyi tələbələrə layihə haqqında ətraflı məlumat verib, proqrama qoşulmaq istəyən tələbələr üçün qeydiyyat prosesi, seçim qaydaları və imtahan prosesi izah edilib. Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
İki həftəlik proqram çərçivəsində tələbələrin əvvəlcə Pekində Çin mədəniyyəti ilə tanışlığı, sonra onlara “Huawei” şirkətinin Şenjen şəhərində yerləşən ofisində müasir texnologiyaların öyrənilməsi və istehsalı üzrə təlimlərdə iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, adı çəkilən proqram-layihə çərçivəsində Azərbaycanın 4 universitetindən 25 tələbənin Çinin “Huawei” şirkətində istehsalat təcrübəsi keçilməsi nəzərdə tutulub. Layihənin məqsədi gənclərin İT sahəsindəki biliklərini genişləndirmək, dünyanın aparıcı şirkətində təcrübə mübadiləsini həyata keçirmək və regionda bunun tətbiqinə nail olmaqdır.