×

Xəbərlər

Xəbərlər 01 Jun 2017
ADNSU rektoru Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

İyunun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores və Meksika Neft İnstitutunun şöbə müdiri dr.Viktor G.Ortiz Gallardo ilə görüşüb.

Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən rektor M.Babanlı ADNSU-nun Avropa və Asiyada neft-qaz profilli ilk texniki ali məktəb olduğunu qeyd edib. Professor Mustafa Babanlı bu ali məktəbin keçmiş SSRİ-də xarici ölkələr üçün mütəxəssis hazırlayan 3 əsas universitetdən biri olduğunu bildirib. ADNSU-da 10 minə yaxın tələbənin təhsil aldığını deyən rektor onlardan təxminən 500 nəfərinin xarici ölkə vətəndaşı olduğunu diqqətə çatdırıb. Rektor, prof. M.Babanlı universitetin fakültə və ixtisasları, bakalavriat, magistratura və doktorantura pillələri haqqında da qonaqlara geniş məlumat verib.

ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verən prof. Mustafa Babanlı burada 4 ixtisas üzrə ən yüksək standartlara uyğun təhsilin verildiyini, tələbələrə ADNSU ilə yanaşı Strasburq Universitetinin də diplomunun veriləcəyini söyləyib.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkürünü bildirib. İki ölkə arasında bir çox sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığın olduğunu qeyd edən səfir bu əlaqələrin daha da inkişaf etdirmək üçün əlindən gələni edəcəyini qeyd edib.

Meksika Neft İnstitutunun şöbə müdiri dr.Viktor G.Ortiz Gallardo təmsil etdiyi ali məktəb haqqında ADNSU rəhbərliyinə geniş məlumat verib, iki ali məktəb arasında əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüşdə universitetlər arasında müəllim-tələbə mübadiləsi, ikili diplomlar və başqa məsələlər də müzakirə olunub.

Görüşdə ADNSU ilə Meksika Neft İnstitutu arasında Əməkdaşlıq haqqında Memorandumun hazırlanmasına dair razılıq əldə olunub.


Paylaş