×

Xəbərlər

Xəbərlər 02 Jun 2017
Fransa-Azərbaycan Universitetinə qəbul qaydaları elan olunub

İyunun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Orelia Buşez Fransa-Azərbaycan Universitetinə (UFAZ) qəbul qaydaları ilə bağlı mətbuat konfransı keçiriblər.

ADNSU-nun rektoru, professor M.Babanlı UFAZ-da ilk tədris ilində əldə olunan nailiyyətlər haqqında məlumat verib, universitetin gələcək perspektivlərinə toxunub. Rektorun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi I ixtisas qrupu üzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər.

O bildirib ki, universitetə qeydiyyat müsabiqənin nəticələrinə əsasən UFAZ-da yaradılan komissiya tərəfindən aparılacaq: "Onlayn qeydiyyat iyunun 12-dən iyulun 17-ə qədər aparılacaq, ikinci imtahanda iştirak edənlər üçün qeydiyyat 24-25 iyul saat 23.00-dək aparılacaq. İmtahan isə iyulun 27-də keçiriləcək".

Rektor M.Babanlı əlavə edib ki, növbəti tədris ili üçün qəbul planı 160 yerdən ibarətdir: "Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Əgər boş yer qalsa əcnəbi tələbələrin ödənişli əsaslarla oxumasına şərait yarada bilərik".

Rektor M.Babanlı UFAZ-da kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, geofizika mühəndisliyi və kompüter elmləri üzrə təhsil verildiyini qeyd edərək burada gənclərə Fransa təhsil standartları səviyyəsində təhsil verildiyini vurğulayıb. Tədrisin yekununda tələbələrə iki diplomun təqdim olunacağını qeyd edən rektor tədrisdə yüksək nəticələr göstərmiş tələbələrin təmənnasız olaraq Fransada yay məktəbində iştirakının nəzərdə tutuludğunu bildirib. M.Babanlı çoxlu sayda Fransa və Azərbaycan şirkətlərinin UFAZ-a maraq göstərdiklərini də qeyd edib.

Fransa Respublikasının Azərbaycandakı səfiri Orelia Buşez fəaliyyət göstərdiyi bir il ərzində UFAZ-ın idarəedilməsində bir sıra addımların atıldığını, 2017-ci ilin mart ayında idarəetmə komitəsinin ilk iclasının keçirildiyini qeyd edib.

İki ölkənin 3 universitetin birgə işi olan UFAZ-a  Fransanın müxtəlif dövlət qurumları tərəfindən də maraq göstərildiyini bildirən Orelia Buşez UFAZ-da 1 ildə qazanılan nailiyyətlərdən danışıb. Səfir növbəti illərdən əcnəbi tələbələrin və ADNSU-nun ən yaxşı oxuyan tələbələrinin UFAZ-da  təhsil ala biləcəklərini söyləyib.

“Növbəti tədris ili üçün UFAZ-a 160 tələbənin qəbulu nəzərdə tutulur: Bunlardan 120-si dövlət, 40-ı isə ödənişli əsaslarla təhsil alacaqlar. Biz eyni zamanda savadlı və yüksək intellektli gəncləri bir araya yığmaq istəyirik. Ona görə də UFAZ-da təhsil almaq istəyən tələbələr birinci ixtisas qrupu üzrə 500-700 bal toplamalıdır. Təhsil  haqqı isə 3 min manat olacaq.  Tələbələr iyulun 27-də  keçiriləcək imtahanla universitetə daxil ola bilər”, - deyə səfir qeyd edib.

Fransalı diplomat iyulun 2-16-da UFAZ-ın 40 tələbləsinin Strasburq Universitetinə göndəriləcəklərini də sözlərinə əlavə edib. Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.

Daha sonra UFAZ-da açıq qapı günü keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, UFAZ-a qəbul olmaq istəyən abituriyentlər və onların valideynləri iştirak edib.

ADNSU-nun rektoru, prof. Mustafa Babanlı tədbir iştirakçılarına UFAZ haqqında geniş məlumat verib.

Tədbirdə UFAZ haqqında çarx tədbir iştirakçılarına təqdim olunub.

UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen, UFAZ-a qəbul qaydalarından, müsabiqə şərtlərindən, tədris proqramlarından və s. məsələlər haqqında məlumat veriblər.

Sonda abituriyent və valideynləri maraqlandıran suallar cavablandırılıb.


Paylaş