×

Xəbərlər

Xəbərlər 05 Jun 2017
Tanınmış rusiyalı alim ADNSU-nun qonağıdır

İyunun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tanınmış rusiyalı alim, A.A.Trofimuk adına Neft-Qaz Geologiya və Geofizika İnstitutunun professoru Nikolay Zapivalov ilə görüş keçirilib.

Görüşdə ADNSU-nun elm və texnika işləri üzrə prorektoru, t.e.d. Rauf Əliyarov və Geoloji-kəşfiyyat fakültəsinin professor-müəllim heyəti iştirak edib.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən Rauf Əliyarov onun geoloji-kəşfiyyat sahəsində gördüyü işlərin, elmi araşdırmalarının ADNSU-nun marağında olduğunu qeyd edib.

Nikolay Zapivalov dəvətə görə başda rektor, prof. Mustafa Babanlı olmaqla universitet rəhbərliyinə minnətdarlığını bildirib. Özü haqqında tədbir iştirakçılarına məlumat verən N.Zapivalov ADNSU kollektivi qarşısında çıxış etməyin qürurverici olduğunu söyləyib.

Fəaliyyətinin böyük bir qisminin Sibir neftinin kəşfinə həsr olunduğunu deyən rusiyalı alim tanınmış azərbaycanlı geoloq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qərbi Sibirdə ilk dəfə zəngin neft və qaz yataqları kəşf edən Fərman Salmanovla bağlı xatirələrindən danışıb.

Sonra N.Zapivalov müəllif konsepsiyalarının təqdimatı ilə çıxış edib.


Paylaş