İyunun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı tanınmış rusiyalı alim, A.A.Trofimuk adına Neft-Qaz Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Novosibirsk Dövlət Universitetinin professoru Nikolay Zapivalov ilə görüşüb.
Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ADNSU-da aparılan islahatlar, tədris prosesi, ali məktəbin beynəlxalq əlaqələri, təhsil sistemi, əcnəbi tələbələri və ictimai həyatında baş verən hadisələr haqqında qonağa ətraflı məlumat verib.
Hazırda universitetdə 3 dildə tədris aparıldığını qeyd edən rektor, prof M.Babanlı Fransa-Azərbaycan Universitetindən (UFAZ) danışıb. Rektor M.Babanlı Rusiyanın geoloji-kəşfiyyat sahəsində tanınmış aliminin elmi araşdırmalarının ADNSU üçün də maraqlı olduğunu və alimlə əməkdaşlığa böyük önəm verdiyini əlavə edib.
ADNSU-nun Dünya Universitetlərinin reytinqində yüksək pillələrdə olmağı hədəf götürdüyünü vurğulayan rektor bunun üçün gərgin işləməyin vacib olduğunu deyib.
Dəvətə görə rektor, prof. Mustafa Babanlıya təşəkkürünü bildirən rusiyalı alim neft sahəsində ixtisaslaşmış bu cür universitetdə olmaqdan qürur duyduğunu söyləyib.
Qeyd edək ki, Nikolay Zapivalov bir neçə gün ərzində ADNSU tələbələrinə mühazirə oxuyacaq.