Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, enerji idarəetməsi üzrə dünya liderlərindən biri olan “Schneider Electric” şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Elektromexanika” kafedrasına Premset 6-15kV kompakt modullu paylayıcı qurğusunu hədiyyə edib. Bu qurğu öz analoqları arasında ilk dəfə olaraq bərk izolyasiya ilə ekranlaşdırılmış-2SIS sisteminə malikdir. Bu sistem yük açarı, ölçü-nəzarət cihazları, cərəyan və gərginlik transformatorları ilə təchiz edilib.
Öz sinfi üzrə ən təhlükəsiz və etibarlı olan bu paylayıcı modul intellektual elektron qurğusu ilə də təchiz edilib ki, bu da eyni zamanda ölçmə, avtomatik idarəetmə, diaqnostika və nəzarət kimi funksiyaları yerinə yetirir.
Tədris prosesində Premset 6-15kV kompakt modullu paylayıcı qurğusundan istifadə edilməsi, tələbələrin energetika sisteminin yarımstansiyalarında tətbiq edilən ən müasir qurğu üzrə real olaraq istismar vərdişlərinin və bacarılarının formalaşmasında müstəsna rol oynayacaq.
Qeyd edək ki, ADNSU ilə “Schneider Electric” arasında rəsmi əməkdaşlığın əsası 2017-ci ilin aprel ayından qoyulub.