×

Xəbərlər

Xəbərlər 28 Jun 2017
ADNSU-nun rektoru Fransanın Valenciennes Universitetinin rektoru ilə görüşüb

İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Valenciennes Universitetinin rektoru pr. Abdelhakim Artiba, universitetin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti pr. Sebastien Grondel və universitetin mədəniyyət və incəsənət üzrə vitse-prezidenti Arnaud Huftier ilə görüşüb.

Beynəlxalq əlaqələrin və birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə bu istiqamətdə əməkdaşlıq oluna biləcək sahələr haqqında söhbət aparılıb. Fransa və Azərbaycan universitetlərinin ən uğurlu layihəsi olan UFAZ-ın ADNSU üçün qürurverici əməkdaşlıq olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı digər fransız universitetləri ilə də əməkdaşlığa hər zaman açıq olduğunu və buna yüksək dəyər verdiyini  qeyd edib.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və universitetdə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı Azərbaycanın ən savadlı gənclərinin UFAZ-da təhsil aldığını vurğulayıb.

“UFAZ bu gün bizim ən böyük fəxrimizdir. Bu təkcə Azərbaycanda deyil, regionda böyük bir layihədir. İstərdim ki, bizim bu əməkdaşlıq daha da genişlənsin və biz Fransanın digər ali təhsil ocaqları ilə də əməkdaşlıq edək”, - deyə rektor, professor M.Babanlı bildirib.

ADNSU ilə təhsildə bir çox ümumi maraqlarının olduğunu diqqətə çatdıran Fransanın Valenciennes Universitetinin rektoru pr. Abdelhakim Artiba beynəlxalq əməkdaşlığa daim yüksək dəyər verdiklərini qeyd edib. Rəhbərlik etdiyi universitetın tədris prosesi, əməkdaşlıq əlaqələri, maddi-texniki bazası və digər sahələr haqqında məlumat verən rektor pr. Abdelhakim Artiba ADNSU ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

“Biz mövcud sanaye sahələri üzrə, əsasən də texniki və nəqliyyat sahəsində kadr hazırlayırıq. Çox istərdim ki, sizin universitetlə də texniki sahədə əməkdaşlıq edək”, - deyə pr. Abdelhakim Artiba bildirib.

Daha sonra dünyadakı dinamik inkişafa çatmaq üçün birgə əməkdaşlıq məsələlərinin vacibliyi vurğulanıb və əməkdaşlıq oluna biləcək sahələr müzakirə olunub. Bu istiqamətdə startap layihələrinin rolu xüsusi qeyd edilib və Startap üzrə əməkdaşlığın önəmi vurğulanıb.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.


Paylaş