İyulun 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə “ADNSU Yay məktəbi 2017”-nin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə ADNSU və DAAD-ın rəsmiləri, Almaniyanın Azərbaycandakı səfirliyininin nümayəndəsi, ARDNŞ-in əməkdaşları, eləcə də yay məktəbinə seçilən tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə “ADNSU Yay məktəbi 2017”-nin təşkil olunmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib. Yay məktəbinin proqramı haqqında qısa məlumat verən C.İsmayılzadə bildirib ki, Almaniya, Türkiyə, Peru, İtaliya və Azərbaycandan ümumilikdə 21 nəfər tələbənin iştirak etdiyi yay məktəbində iştirakçılar “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda çıxışlar edəcək. Həmçinin, ARDNŞ, BP, Strateji Araşdırmalar Mərkəzi və digər qurumların əməkdaşlarının da mövzu ilə bağlı çıxışları olacaq. Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də nəzərdə tutulub. İştirakçıların Səngəçal terminalına, Bibiheybətdə dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi məkan, İçərişəhər, Heydər Əliyev Mərkəzinə, eləcə də Şəki şəhərinə ekskursiyaları təşkil olunacaq.
ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov qeyri-neft sektorunun inkişaf etdiyi bir vaxtda yay məktəbində “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda ediləcək çıxışlar, veriləcək təkliflərin ölkə iqtisadiyyatı üçün önəmindən danışıb. Qasım Məmmədov yay məktəbi dövründə mədəni tədbirlərin təşkil olunmasının əcnəbi tələbələrin Azərbaycanının tarixi yerlərini görməsi, adət-ənənəsi ilə tanış olması baxımından da əhəmiyyətli olduğunu qeyd edib.
DAAD-ın Bakı bürosunun rəhbəri Ştefani Düfo “ADNSU Yay məktəbi 2017”-nin təşkil olunmasının ADNSU və DAAD arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Bu cür layihələrin təşkil olunmasında daim öz dəstəyini əsirgəməyən rektor, professor Mustafa Babanlıya minnətdarlığını bildirən Ş.Düfo bu tədbirlərin davamlı olacağına inandığını qeyd edib.
Daha sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.
Qeyd edək ki, “ADNSU Yay məktəbi 2017” 31 iyul-11 avqust tarixlərində Şüvəlan qəsəbəsində A.S.Makarenko adına Humanitar Fənnlər Gimnaziyasında keçirilir. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanıb.