×

Xəbərlər

Xəbərlər 30 Aug 2017
ADNSU Kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransına ev sahibliyi edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Türkiyə Cümhuriyyətinin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə sentyabrın 10-13-də Bakıda Kimya elmləri və texnologiyaları üzrə III Beynəlxalq Türk Dünyası konfransı keçiriləcək. ADNSU-nun ev sahibliyi edəcəyi beynəlxalq konfransda Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyadan, o cümlədən Tatarstan, Başqırdıstan Respublikalarından, Qazaxıstan, Türkmənistan, İraq, Pakistan və digər ölkələrdən olan 300-dək alimin iştirakı gözlənilir. ADNSU-da keçiriləcək beynəlxalq konfrans, eləcə də konfrans çərçivəsində təşkil olunacaq seminarlarda kimya elmlərinin və texnologiyalarının mövcud vəziyyəti ilə yanaşı, bu sahədə qazanılmış yeni elmi nailiyyətlər, onun müasir inkişaf tendensiyasına dair məruzə və çıxışlar səslənəcək.

Sayca 3-cü olan Beynəlxalq Türk Dünyası konfransının əsas məqsədi müxtəlif universitetlər, institutlar, cəmiyyətlər, agentliklər və s. qurumlardan olan kimya elmləri və texnologiyaları üzrə mütəxəssisləri unikal bir platformada toplamaq və onların bu sahədə olan dünyamiqyaslı ideyalarının paylaşmasını təmin etməkdir.

Beynəlxalq konfransın iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialını təqdim etmək məqsədilə proqrama müxtəlif mədəni və sosial tədbirlər də daxil edilib. Konfrans iştirakçılarının istəklərindən asılı olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Atəşgah məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğuna, Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və ya Qəbələ rayonuna turlar da təşkil olunacaq.


Paylaş