Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Iğdır Universitetinin rektoru Mehmet Hakkı ilə görüşüb.
ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və son ildə qazanılan nailiyyətlər barədə məlumat verən rektor, professor M.Babanlı hazırda universitetdə 11000 tələbənin təhsil aldığını diqqətə çatdırıb. Universitetin keçmiş sovetlər birliyinin ali təhsil ocaqları arasında mühüm yer tutduğunu qeyd edən rektor M.Babanlı hazırda Azİİ-nin (ADNSU) əvvəlki şöhrətinin yenidən özünə qaytarılması üçün görülən işlərdən danışıb.
“Biz universitet üzrə kəmiyyət yox, keyfiyyət göstəricilərinin artmasına önəm veririk. Bunun üçün də bir sıra yeniliklər edirik. Tələbələr üçün karyera sərgilərinin keçirilməsinə və müəssisələrin tələblərinə uyğun fənlərin tədris olunmasına diqqət ayırmışıq”,- deyə rektor M.Babanlı bildirib.
Təmsil etdiyi universitet haqqında məlumat verən Iğdır Universitetinin rektoru M.Hakkı oradakı tədris prosesi, tədris üsulları, auditoriyalar və tələbələr haqqında məlumat verib. Əlaqələrin genişləndirilməsi üçün görüləcək işlər və birgə əməkdaşlıq oluna biləcək sahələrin önəmindən söz açıb.
Görüşün sonunda iki universitet arasında əməkdaşlığa dair protokol imzalanıb. ADNSU-nun rektoru professor M.Babanlı qonağa xatirə hadiyyəsi təqdim edib.