5-8 sentyabr tarixlərində Tatarıstan Respublikasında "Нижнекамскнефтехим" Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 50 illik yubilenə həsr olunmuş Neft-qaz-kimya forumu keçirilib. Forumda Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini A.A.Kərimov, Rusiya Sənaye və Sahibkarlar İttifaqının prezidenti A.N.Şoxin, Rusiya Neft-qaz Sənayeçiləri İttifaqının prezidenti G.İ. Şmal və başqa dövlət xadimləri, dövlət və özəl müəssisələrin rəhbərləri iştirak edib.
Rusiyanın 34 şəhərindən, o cümlədən bir neçə xarici ölkə nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, professor Ələkbər Həsənov təmsil edib. Tədbir çərçivəsində professor Ə.Həsənov bir çox müəssisə rəhbərləri ilə görüşlər keçirib, həmin qurumlarla ADNSU arasında yaradıla biləcək əməkdaşlıq haqqında müzakirələr aparıb.
Forumda "Нижнекамскнефтехим" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Azat Bikmurzinlə görüşən Ələkbər Həsənov ona ADNSU haqqında geniş məlumat verib, universitetin qazandığı uğurlardan danışıb. A.Bikmurzin Forumda iştirak etdiyi üçün ADNSU nümayəndəsinə təşəkkür edib və rəhbərlik etdiyi müəssisə ilə universitetimiz arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.