×

Xəbərlər

Xəbərlər 27 Oct 2023
ADNSU-da 2023-2024-cü tədris ilində Elmi Şuranın növbəti iclası keçirilib

Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023-2024-cü tədris ilində Elmi Şuranın növbəti iclası keçirilib. 

Əvvəlcə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun yubiley yaşı müsabiəti ilə Elmi Şura üzvləri və universitetin kollektivi adından təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində uğurlar arzu edib. Sonra rektor əvəzi, dosent Vazeh Əskərov iclasın gündəliyində olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub. 

Dosent Vazeh Əskərov iclasın gündəliyinə uyğun olaraq 2023-2024-cü tədris ilində qarşıya qoyulan məsələlər, görüləcək işlər, yeniliklər və konkret hədəflər haqqında, həmçinin növbəti tədris ili üçün fakültələrin nəzdində fəaliyyət göstərən kafedraların maddi-texniki təchizatının yaxşılaşdırılması üçün tələb olunan avadanlıqlar barədə vahid  sorğu blankının təqdim olunması haqqında şura üzvlərinə ətraflı məlumat verib. 

Elmi Şuranın iclasında 2022-2023-cü tədris ilinə planlaşdırılmış akademik yükün yerinə yetirilməsi və 2023-2024-cü tədris ilinə professor-müəllim və tədris-köməkçi heyətin ştatı barədə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Dissertasiya şuralarının fəaliyyəti, 2023-2024-cü tədris ilində doktoranturaya qəbulun nəticələri haqqında Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Kvalifikasiya işləri barədə Elmi katib, dosent Nərminə Əliyeva hesabat məruzəsi ilə çıxış ediblər. Eyni zamanda Geoloji Kəşfiyyat Fakültəsinin dekanı, dosent Naməd Paşayev fakültənin fəaliyyəti haqqında illik hesabat verib, qəbul statistikası, fakültədə tədris və təhsil səviyyəsi, görülmüş işlər və qarşıdakı hədəflər haqqında məlumat verib. 

İclasda müzakirəyə çıxarılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və şura üzvləri tərəfindən yekdil qərarlar qəbul olunub. 

Sonda dosent Vazeh Əskərov ADNSU-da təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, həmçinin müasir çağrışlara uyğun yeniliklərin operativ olaraq tədrisə tətbiq olunması istiqamətində təklif və göstərişlərini verib.


Paylaş