Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) fizika müəllimi Gülyaz Nəcəfovanın neyrodegenerativ xəstəliklərin molekulyar əsaslarına dair apardığı elmi araşdırmaları nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. Onun tədqiqatları β-amiloyid peptidlərinin konformasional və struktur xüsusiyyətlərinin öyrənilməsinə həsr olunub və bu araşdırmalar Altsheymer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin mexanizmlərinin daha dərindən izahı baxımından böyük əhəmiyyət daşıyır.
Tədqiqatçının birinci məqaləsi – “β-Amiloid peptidinin (25–35) fəza quruluşunun dairəvi dixroizm spektroskopiyası ilə hüceyrə membranına bənzər mühitdə tədqiqi”– Springer nəşriyyatına məxsus, Web of Science bazasında indekslənən və impact faktoru 1.0 olan “Journal of Applied Spectroscopy” (Tətbiqi Spektroskopiya) jurnalında dərc olunub. Bu tədqiqatda Altsheymer xəstəliyi ilə əlaqəli β-amiloid peptidinin (25–35) hüceyrə membranına bənzər mühitdə fəza quruluşu dairəvi dixroizm spektroskopiyası üsulu ilə araşdırılıb. Araşdırmanın nəticələri neyrodegenerativ proseslərin baş vermə mexanizmlərinin daha ətraflı anlaşılması üçün mühüm elmi əsas hesab oluna bilər.
Tədqiqatçının “Sintez olunmuş β-Amiloid peptidinin (25–35) analoqlarının konformasional tədqiqi” adlı ikinci məqaləsi beynəlxalq səviyyəli, Scopus bazasında indekslənən və Q3 kateqoriyalı “Advanced Physical Research” (Qabaqcıl Fiziki tədqiqatlar) jurnalında dərc olunub. Bu işdə β-amiloid peptidinin sintetik analoqlarında amin turşularının qlisinlə əvəzlənməsi nəticəsində yaranan struktur dəyişikliklər molekulyar mexanika üsulları ilə modelləşdirilib. Araşdırmalar göstərib ki, bu cür modifikasiyalar peptidlərin sabitliyi, çevikliyi və bioloji aktivliyinə ciddi təsir göstərir. Bu nəticələr gələcəkdə neyrodegenerativ xəstəliklərin müalicəsində yeni molekulyar yanaşmaların formalaşmasına töhfə verə bilər.