Noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ölçmə- nəzarət və idarəetmə labortoriyası”nın açılışı olub.
İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) Cihaz mühəndisliyi kafedrasının nəzdində fəaliyyət göstərəcək laboratoriyanın açılış mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, İTİF-in dekanı, dosent Fərid Ağayev, “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova, həmçinin kafedranın doktorantları və əməkdaşları iştirak ediblər.
Dosent Vazeh Əskərov yeni açılan laboratoriyanın tədrisdə tətbiqi məsələlərlə yanaşı, elmi işlərin ərsəyə gəlməsinə də mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova laboratoriyanın imkanları və burada quraşdırılan müasir ölçmə- nəzarət qurğuları haqqında məlumat verib. Kafedrada praktiki məzmunun təkmilləşdirilməsi baxımından laboratoriyanın önəmini vurğulayıb. O, qeyd edib ki, bakalavr və magistr tələbələri yeni ölçmə və idarə etmə stendi vasitəsi ilə temperatur, səviyyə, təzyiq tipli ölçmələri, motor, klapanlar, qızdırıcılar və s. kimi işlədicilərin idarə edilməsini PLC, HMI proqramlaşdırılmasını praktiki olaraq tətbiq edə biləcək.
İTİF-in dekanı, dosent Fərid Ağayev tələbələr və gənc tədqiqatçıların praktiki vərdişlərə yiyələnmələri, eyni zamanda bu sahədə müxtəlif problemlərin tədqiqi və həlli yollarını sürətlə mənimsəmələri baxımından laboratoriyanın xüsus rol oynayacağını deyib.
Qeyd edək ki, yeni laboratoriyada quraşdırılan stendin hazırlanmasında “Sentra” şirkətinin Avtomatik idarə etmə sistemləri və İnformasiya texnologiyaları şöbə rəisi Hüseynov Səməd, “BP” şirkətinin Elektrik mühəndisi Məmmədov Ruslan, “PROETA Paketləmə Avadanlıqları” şirkətinin elektronika və avtomatika mühəndisi Əliyev Elcan, Aviation Services Group-un proseslərin avtomatlaşdırılması üzrə mütəxəssisi Agamətov Stanislav bilavasitə iştirak ediblər. Laboratoriyanın açılışında da iştirak edən qonaqlar belə layihələrin reallaşmasında hər zaman maraqlı olduqlarını bildiriblər.