Noyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi,dosent Vazeh Əskərov “DCH Solargiga GmbH” şirkətinin sahibi və baş meneceri Dr. Zhang ilə görüşüb. Görüşdə həmçinin, “Simens Energy” şirkətinin departament rəhbəri Yaşar Musayev, Azərbaycan Fransız Universitetinin İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, ADNSU-nun Energetika fakültəsinin dekanı, dosnt Aydın Əliyev də iştirak ediblər. Görüş zamanı enerjiyə olan tələbatın sürətlə artması nəticəsində alternativ enerji mənbələri və bərpa olunan enerji sənayesinin inkişaf etdirilməsi istiqamətində görüləcək tədbirlərin vacibliyi vurğulanıb. Bu sahənin təşviq edilməsi üçün təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
Dr.Zhang görüşdə həmçinin, Günəş enerjisi panellərinin istehsalat prosesi və dünyanın bir çox ölkələrində günəş enerjisi və inteqral enerji layihələri üzrə fəaliyyət göstərən şirkətin əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verib. Görüşün nəticəsi olaraq şirkətlə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, tələbə və müəllim heyətinin bu proseslərə cəlb edilməsi təklifi irəli sürülüb.