Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vorvik Universiteti “Warwick Manufacturing Group” (WMG) ilə birgə bərpa olunan enerji sahəsində İkili Diplom Proqramının Rəhbər Komitənin (RK) iclası keçirilib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov İkili Diplom Proqramının ADNSU, eləcə də ölkə üçün əhəmiyyətini vurğulayaraq layihənin gələcək fəaliyyəti üçün zəruri olan RK-in ilk iclasının baş tutmasını əlamətdar hadisə kimi qiymətləndirib. O, hər iki universitetin bərpaolunan enerji sahəsində tədris üzrə geniş imkanlara malik olduğunu qeyd edərək ikitərəfli əməkdaşlığın yeni nəsil mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Vorvik Universitetinin Xüsusi Layihələr üzrə rəhbəri Gareth Roberts İkili Diplom Proqramının uğurlu olacağına əminliyini vurğulayıb. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və iclasın digər iştirakçıları İkili Diplom Proqramının əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Bu unikal proqram Vorvik Universiteti tərəfindən həyata keçirilən səkkiz modul və layihə nəticəsində Vorvik Universitetinin magistr dərəcəsini və ADNSU-nun təqdim etdiyi altı modul ilə ADNSU-nun magistr dərəcəsini qazanmaq üçün əhatəli tədris planı təklif edir. 2023-2024-cü tədris ilində layihəyə start verilib və magistratura pilləsi üzrə ilk qəbul həyata keçirilib.
Sözügedən proqram çərçivəsində tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rol oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin edəcəkdir. Qeyd etmək lazımdır ki, Vorvik Universiteti 2023-cü ilin QS reytinqinə əsasən hazırda dünyada 64-cü yerdədir.
ADNSU-nun Vorvik Universiteti ilə əməkdaşlığı bərpa olunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanması üçün dayanıqlı tədris mühitinin yaradılmasına yönəlib.