Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq tələbə təşkilatı olan “Society of Exploration Geophysicists”-in (SEG) (Kəşfiyyat Geofizikləri Cəmiyyəti) bir qolu olan “SEG ASOIU/UFAZ” təşkilatının tələbələrlə görüşü keçirilib.
Görüşdə “SEG ASOIU” təşkilatının prezidenti Cavid Əliyev, vitse-prezidenti İslam Hüseynov, PR Departmentinin direktoru Milana Şahbazova və Katib Anar Məhərrəmli tələbələrə öncə təşkilat haqqında məlumat veriblər. Qeyd olunub ki, təşkilatın məqsədi savadlı, maraqlı gəncləri kəşf edib bir yerə toplayaraq onlara təlimlər keçib, onların gələcəkdə uğurlu mühəndis kimi formalaşmasına töhfə verməkdir.
Eyni zamanda “Society of Exploration Geophysicists” ASOIU/UFAZ tərəfindən cari ildə görülən işlər haqqında təqdimat olunub. 100 dən çox beynəlxalq və yerli layihələrdəki iştirak, beynəlxalq jurnallara məqalələrin təqdim olunması, tədqiqat üçün qrantların qazanılması, Qafqaz regionunda ilk Beynəlxalq geofiziki düşərgənin keçirilməsi qeyd edilib. SEG ASOIU prezidnti əldə olunan uğurlardan söz açaraq 64 ölkə və 340 universitet arasından ADNSU-nun ölkəmizi layiqincə təmsil edərək dünya birincisi seçildiyini diqqətə çatdırıb.
Qeyd olunan istiqamətlər üzrə təşkilatın indiyə qədər keçirdiyi görüşlərdən, uğur hekayəsindən bəhs edən gənclər gələcək perspektiv layihələrindən və hədəflərindən danışıblar.
Qeyd edək ki, SEG ASOIU/UFAZ Tələbə bölməsi ADNSU və UFAZ tələbələrinin könüllülük fəaliyyəti göstərdiyi qeyri-kommersiya təşkilatıdır. SEG ASOIU/UFAZ Tələbə bölməsinin başlıca məqsədləri kəşfiyyat geofizikası elminin inkişafı, ümumi elmi maraqların təşviqi, humanitar səyləri dəstəkləmək və geofiziki innovasiyaların sürətləndirilməsidir.