Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov SOCAR-ın vitse-prezidenti Arzu Cavadova ilə görüşüb.
SOCAR-da geologiya üzrə müşavir Elçin Bağırov, həmçinin ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Azərbaycan Fransız Universitetinin İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibovanın da iştirak etdiyi görüşdən öncə universitetin mövcud şəraiti ilə yaxından tanışlıq olub. Belə ki, qonaqlar universitet rəhbərliyi ilə birlikdə ADNSU-nun Minerologiya muzeyi, Lazer Mərkəzi, Netcad Texnologiya Mərkəzi, həmçinin ADNSU və UFAZ-ın laboratoriyaları və kompüter otaqlarında olublar.
Universitetdəki mövcud şəraitlə yaxından tanışlıqdan sonra keçirilən görüşdə SOCAR və ADNSU arasında mümkün əməkdaşlıq məsələləri müzakirə olunub. Gələcəkdə birlikdə uyğun layihə və proqramların icrası, ADNSU tələbələrinin SOCAR-da təcrübə keçməsi və digər bu kimi perspektiv layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb. Nəticə olaraq qeyd olunan sahələr üzrə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və reallaşması istiqamətində şirkət və universitet arasında Memorandum imzalanması nəzərdə tutulub.