Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azİİ e-Kitab Evi və Cihaz mühəndisliyi kafedrası ilə birgə “Müasir informasiya ölçmə sistemləri” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova iştirakçıları salamlayaraq kitab haqqında ümumi məlumat verib.
ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev, Həmkarlar İttifaqı komitəsinin sədri Məzahir Babayev, müəllif, dosent Vaqif Abbasov, Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova kitabın müasir informasiya məkanında ölçmə sistemlərinin öyrənilməsi üzrə əhəmiyyətindən danışıblar. Çıxışlarda kitabın son dövrlərdə ölçmə, nəzarət, diaqnostika və idarəetmədə geniş tətbiq olunan müasir informasiya ölçmə sistemləri və onların elementləri haqqında bilikləri mənimsəmək üçün mühüm mənbə olduğu vurğulanıb. Həmçinin, kitabın Cihaz mühəndisliyi sahəsində çalışan mütəxəssislər, tələbələr, doktorantlar, magistrlərlər, bakalavrlar və bu sahədə tədris aparan professor-müəllim heyəti üçün yararlı olacağı qeyd edilib.
Xatırladaq ki, “Müasir informasiya ölçmə sistemləri” kitabı ADNSU-nun nəşridir. Yüksək keyfiyyətə, nəfis tərtibata malik kitab 184 səhifədən ibarətdir.