Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik” mövzusunda 1-ci Respublika Simpoziumu keçirilib.
ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova iştirakçıları salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində keçirilən simpoziumun əhəmiyyətindən danışıb. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin bu gün aktual bir sahə olduğunu qeyd edən prorektor gələcəkdə bu simpoziumun seminar, konfrans kimi keçirilməsinin məqsədəuyğun olduğunu deyib və iştirakçılara uğurlar arzu edib.
İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev, “Kompüter mühəndisliyi” kafedrasının müdiri, dosent Nazilə Rəhimova da çıxışlarında müasir texnologiyanın yaratdığı imkanlardan bəhs ediblər və ADNSU-da bu sahə üzrə də ixtisaslı mütəxəssislərin yetişdirildiyini qeyd ediblər.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, “Prosol” QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev, eləcə də digər çıxışçılar informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, bu sahədə zamanın tələbinə uyğun yeniliklər və perspektivlər haqqında ətraflı məlumat veriblər.
Simpoziumda Dördüncü Sənaye İnqilabı və tələbləri, rəqəmsal idarəetmə, süni intellekt, informasiya texnologiyalarının idarəetmə və istehsalatda geniş tətbiqi və kibertəhlükəsizliklə bağlı məruzələr dinlənilib, təklif və yenliklər səsləndirilib.