×

Xəbərlər

Xəbərlər 26 Sep 2017
ADNSU-da Geoloji-kəşfiyyat fakültəsinin tələbələri ilə görüş keçirilib

Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji-kəşfiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev və Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev iştirak edib.

Tərbiyə işləri üzrə prorektor, dosent A.Babayev tədbiri giriş sözü ilə açaraq tələbələri ADNSU-ya qəbul olunmaları münasibətilə təbrik edib, gənclərə dərslərində və gələcək həyatlarında uğurlar arzulayıb. Azərbaycanın gələcəyinin bugünkü gənclər olduğunu qeyd edən prorektor, dosent A.Babayev oxumaqla, biliklərə yiyələnməklə və öz sahəsində istedadlı kadr olmaqla uğura nail olmağın mümkün olduğunu bildirib. Prorektor, dosent A.Babayev tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edib və onlara bu qaydalara riayət etməyi tövsiyə edib.

ADNSU-nun Azərbaycan universitetləri arasında xüsusi yeri olduğunu deyən THİK-in sədri N.Gəncəyev qədim tarixə malik universitetdə yüzlərlə tanınmış şəxsiyyətlər yetişdiyini vurğulayıb. N.Gəncəyev  tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri və universitetin ictimai həyatında fəal iştirak etmələri üçün yaradılan şəraitdən danışıb və fəaliyyət göstərən dərnəklər haqında geniş məlumat verib. N.Gəncəyev qeyd edib ki, hər bir tələbə universitetdə fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblına, “Maqnat” intellektual klubuna, “Şən və Hazırcavablar Klubuna”, eləcə də Debat və İdman klublarına üzv ola və orada aktiv iştirak edə bilər.  

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.


Paylaş