×

Xəbərlər

Xəbərlər 27 Sep 2017
ADNSU-da İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbələri ilə görüş keçirilib

Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin (İTİF) birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent A.Babayev gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Gənclərin təlim-tərbiyəsindən danışan prorektor, dosent A.Babayev mükəmməl ali təhsil almaq və yüksək ixtisaslı kadr olmaq üçün nizam intizamlı olmağın əhəmiyyətli olduğunu qeyd edib. Daha sonra prorektor, dosent A.Babayev tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edib və onlara bu qaydalara riayət etməyi tövsiyə edib.

Ölkənin qabaqcıl və bir əsrə yaxın tarixə malik universitetinə qəbul olduqları üçün gəncləri təbrik edən THİK-in sədri N.Gəncəyev ADNSU-nun bu zamana qədər yüzlərlə tanınmış şəxsiyyətlər yetişdiyini deyib. N.Gəncəyev  tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri və universitetin ictimai həyatında fəal iştirak etmələri üçün yaradılan şəraitdən danışıb və dərnəklər haqqında ətraflı məlumat verib. N.Gəncəyev həmçinin qeyd edib ki, hər bir tələbə universitetdə fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblına, “Maqnat” intellektual klubuna, “Şən və Hazırcavablar Klubuna”, eləcə də Debat və İdman klublarına üzv ola və orada aktiv iştirak edə bilər. 

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.


Paylaş