Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın iclası keçirilib. İclası açıq elan edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının professoru, AMEA-nın həqiqi üzvü, Arif İsmayılzadəni 80 illik və “Geofizika” kafedrasının professoru Tofiq Əhmədovu 70 illik yubileyi münasibətilə təbrik edib, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Bu cür diqqətə görə, rektor M.Babanlı başda olmaqla Elmi Şura üzvlərinə təşəkkürünü bildirən yubilyarlar bundan sonra da universitetin uğurları üçün əllərindən gələni edəcəklərinə söz veriblər.
İclasda tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2016/2017-ci tədris ilinin yekunu və yeni tədris ilində kollektiv qarşısında duran vəzifələr haqqında Elmi Şura üzvlərinə geniş məlumat verib, ayrı-ayrı fakültələrin müvəfəqiyyət göstəricilərini və digər statistik məlumatları diqqətə çatdırıb. Həmçinin, Dosent Qasım Məmmədov 2017-ci ildə ADNSU-ya bakalavriat və magistratura təhsil səviyyələri üzrə (o cümlədən, kollecdə) tələbə qəbulunun yekunu barədə hesabat verib.
Şuranın iclasında Tədris-metodiki şöbənin müdiri, dos. Lətifə Məmmədova Təhsilalanların yay təcrübələrinin nəticələri və yay məktəbi haqqında məlumatları diqqətə çatdırıb.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə ADNSU-da yay məktəblərinin təşkil edilməsi haqqında Elmi Şura qarşısında çıxış edib.
2017/2018-ci tədris ili üçün kafedra müdiri və dekan vəzifələrinə təyin olunmanın Qaydalarına uyğun yaradılan Komissiyanın tərkibi haqqında Elmi katib, dosent Yetər Əliyeva məlumat verib.
Elmi Şuranın iclasında FIBAA tərəfindən keçiriləcək akkreditasiyaya hazırlığın vəziyyəti, Buraxılış işlərinin mövzularının seçilməsi və təsdiqi, ADNSU nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına səfərinin yekunlarına dair hesabatı, ADNSU-da nizam-intizam məsələləri və s. məsələlər müzakirə olunub.