Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) STP Şirkətlər Qrupu tərəfindən "Sabahın Gücü" İnkişaf Proqramının təqdimatı keçirilib.
ADNSU-nun Kimya texnologiya fakültəsinin (KTF) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə kafedra müdiri – prof. Fariz Əmirov iştirakçıları salamlayaraq tələbələrə layihə haqqında ümumi məlumat verib və gənclərə onlar üçün yaradılan imkanlardan yararlanmağı tövsiyə edib. Kimya texnologiya fakültəsinin (KTF) dekanı, professor Sevinc Məmmədxanova, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev, Energetika fakültəsinin (EF) dekanı, dosent Aydın Əliyev, İTİF-in Cihaz mühəndisliyi kafedrasının müdiri, professor Lalə Bəkirova çıxış edərək proqramın əhəmiyyətindən danışıb gəncləri layihədə aktiv iştirak etməyə dəvət ediblər.
Şirkətin Təlim və inkişaf üzrə meneceri “Sabahın gücü” İnkişaf Proqramının layihə rəhbəri Türkan Məmmədova layihənin məqsədi, həmçinin layihə çərçivəsində ödənişli təcrübə proqramına istedadlı tələbələrin cəlb olunması prosesi və görüləcək işlər haqqında ətraflı məlumat verib.
Sonra tələbələr və magistrantlar üçün "Sabahın gücü" İnkişaf Proqramının müsahibələr prosesi keçirilib. Xatırladaq ki, layihə çərçivəsində təşkilatçı tərəfindən təlim keçdikləri müddət ərzində iştirakçılara ödəniş ediləcək.
Qeyd edək ki, 6–12 aylıq müddəti əhatə edən proqramın məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir.