×

Xəbərlər

Xəbərlər 28 Sep 2017
ADNSU-nun Əsaslı kitabxanası V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı İdman Sarayında təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib.

100-dək yerli və 40-dan artıq xarici nəşriyyat, universitet, kitab evi və digər təşkilatların qeydiyyatdan keçdiyi sərginin açılış mərasimində  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, müxtəlif ölkələrin nəşriyyat nümayəndələri, yazarlar və digər tanınmış şəxslər iştirak edib. Mərasimdə çıxış edən nazir Ə.Qarayev sərgi və tarixi nəşrlər haqqında qonaqlara məlumatlar verib və kitabın əhəmiyyətindən danışıb.

Sərgidə ADNSU-nun Əsaslı Kitabxanasının 150 kitabı nümayiş etdirilib. Kitablar arasında Heydər Əliyev irsi, qədim əlyazmalar, miniatür kitablar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and İndustry” jurnalı nümayiş olunub. Bundan əlavə, ADNSU Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının dəstəyi ilə təşkil olunan “Sən də oxu” adlı kitab xeyriyyə aksiyasına qoşularaq fonda 40 adda  kitab və jurnal hədiyyə edib.

Qeyd edək ki, “Sən də oxu” xeyriyyə aksiyasının məqsədi toplanan kitabları və digər materialları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış yeni kitabxanaya, paytaxt və regionlarda yaşayan, mütaliəni sevən aztəminatlı ailələrə hədiyyə etməkdir.

Xatırladaq ki, sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, bir sıra tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq şansı qazanıb.


Paylaş