ADNSU nümayəndələri Belçikanın KU Leuven Universitetinin təşkilatçılığı ilə tələbələr üçün təşkil edilən pilot tədris həftəsində iştirak ediblər. Avropa İttifaqının Erasmus+ CFHE “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün sahələrarası səlahiyyətlər”- “WORK4CE” layihəsi çərçivəsində “Rəqəmsal biznes ekosistemi və təhlükəsiz iş yerlərinin inkişafı” adlı dərslər təşkil olunub.
Pilot tədris həftəsinə ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinin direktoru Tex.ü.f.d. Elviz İsmayılov, Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Çingiz Qarayev və 3 nəfər tələbə qatılıb.
Həftə içi ADNSU əməkdaşları konsorsium iclaslarında iştirak edib, həmçinin layihə haqqında fikir mübadiləsi aparıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar barədə müzakirələr ediblər. Elviz İsmayılov və Çingiz Qarayev mentorluğu ilə tələbələrin ideyalarını təkmilləşdirmək üçün dəstək olublar. Beş gün davam edən dərs həftəsində ADNSU tələbələri layihəni digər beynəlxalq tələbələrlə birlikdə təkmilləşdirib və münsiflər qarşısında çıxış edib, pilot tədris həftəsində digər universitet tələbələri ilə birgə qrup işləri yerinə yetiriblər.
Sonda 18 tələbə qrupu arasında ADNSU-nun bir tələbəsi qaliblər sırasında olub. Bütün tələbələrimiz sertifikatlara layiq görülüb.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinə Azərbaycanla yanaşı, Almaniya, Belçika, İspaniya və Ukrayna da üzvdür.
Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transformasiyanın idarə olunması üçün əlaqəli imkanları inkişaf etdirməkdir.