Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları - Ləman Mollayeva və Leyla Lətifovanın tələbələrlə görüşü keçirilib.
Tədbirdə agentliyin əməkdaşları ölkəmizdə sığortaolunanların, o cümlədən tələbələrin hüquq və vəzifələri, sığortaolunma prosedurunun həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, “Xidmətlər Zərfi”nə daxil olan xidmətlər icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Agentliyin mütəxəssisləri tələbələri icbari tibbi sığortanın yaratdığı imkanlarından faydalanmağa səsləyib və bildirilib ki, məqsəd vətəndaşların sağlamlığını təmin etmək, onların vaxtı-vaxtında müalicə və müayinəsinin həyata keçirilməsidir.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.