1-2 aprel 2024-cü il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Viktor Antonoviç Sadovniçinin 85 illiyinə həsr olunmuş “Elmlər bürcündə riyaziyyat (Математика в созвездии наук)” adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransda ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, Əməkdar elm xadimi, riyaziyyat elmləri doktoru, professor Araz Əliyev iştirak edib.
Konfransın işində iştirak etmək üçün 1100-dən artıq alim qeydiyyatdan keçmiş, onlardan 400-ünə elmi məruzə etmə hüququ verilmişdir. ABŞ, Çin, Belarusiya, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycandan olan iştirakçılar arasında isə yalnız 27 nəfərə bu şərait yaradılmışdır.
Professor Araz Əliyev tədbirdə “Analiz və operatorların spektral nəzəriyyəsi” bölmündə “About one issue of solvability of two classes of fourth-order operator-differential equations” adlı elmi məruzə ilə çıxış edib.
Konfrans ziyafətində söz professor Araz Əliyevə veriləndə akademik V. A. Sadovniçi onu güclü Bakı riyaziyyat məktəbinin layiqli nümayəndəsi kimi təqdim etdi. Öz növbəsində professor Araz Əliyev yubilyara ADNSU-nun rektoru v.m.i.e., dos. Vazeh Əskərov tərəfindən imzalanmış təbrik ünvanı və universiteti simvolizə edən hədiyyəni təqdim edib.
Sonra professor Araz Əliyev akademik V. A. Sadovniçiyə ADNSU haqqında və aparılan elmi tədqiqatlar barədə qısa məlumat verib. Viktor Sadovniçi ADNSU-nun gözəl ənənələrə malik elmi-tədqiqat mərkəzi olduğunu bildirərək Universitet rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Konfransın təşkilat komitəsi tərəfindən V. A. Sadovniçinin müəllif olduğu riyazi analiz üzrə yeni üç cildlik dərs vəsaiti və Honq Konqda ingilis dilində dərc olunmuş funksional analiz üzrə kitabı professor Araz Əliyevə hədiyyə edilib.
Ezamiyyə zamanı professor Araz Əliyev bir neçə Rusiya, Çin və Qazaxstan Universitetlərinin əməkdaşları ilə görüşlər keçirərək gələcəkdə birgə elmi araşdırmaların aparılması üzrə razılığa gəlmişdir.