Sentyabrın 29-da SOCAR FUGRO MMC Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji-kəşfiyyat fakültəsinin tələbələrinə əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzusunda təlim keçib. Təlimdə SOCAR FUGRO-nun SƏTƏM üzrə mütəxəssisləri Cəbrayıl Ələsgərov, Azər İmanov, İnsan resursları, təlim və inkişaf üzrə meneceri Aygün Məmmədova və tələbələr iştirak edib.
Təlimdə sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi texnikası qaydalarının önəmi vurğulanıb və bu qaydalara riayət prinsipləri haqqında geniş məlumat verilib. Daha sonra tələbələrə əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri izah olunub, eləcə də işə başlamazdan əvvəl təlimatların alınması, iş müddətində baş verə biləcək hadisələrin öncədən müzakirəsi və minimum həddə gətirilməsi və daimi nəzarət məsələləri ətrafında söhbət aparılıb. Neft, qaz və kimya sənayesində təhlükəsizlik qaydalarının xüsusi önəm daşıdığı qeyd edilib.
Qeyd edək ki, təlimin əsas məqsədi tələbə və gənclərə olduqları hər yerdə təhlükəsizlik qaydalarına diqqət etməyi aşılamaqdan ibarətdir. 2017-ci ilin mart ayından SOCAR FUGRO milliləşdirmə siyasətinə uyğun olaraq gənc mütəxəssilərin yetişdirilməsi və inkişafı layihəsi çərçivəsində ADNSU ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində təlimlər, ekskursiya və yay təcrübəsi layihəsi həyata keçirilib.Yay təcrübəsi müddətində gənclərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarından məlumatsız olduqları nəzərə alınaraq yeni tədris ilindən təhlükəsizlik təlimlərinə başlanılıb.